Keratokonus

Keratokonus
Keratokonus: Simptomları, diaqnostikası və müalicəsi
Keratokonus — gözlərin proqressiv bir xəstəliyidir, burada buynuz qişası kürəvi forma əvəzinə tədricən nazikləşir və konus formasını alır. Bunun nəticəsində buynuz qişanın forması dəyişir və görmə pozulur. Keratokonus həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər, lakin müasir diaqnostika və müalicə metodları sayəsində bu xəstəliyi effektiv şəkildə idarə etmək mümkündür.
Keratokonusun səbəbləri və əlamətləri
Keratokonusun dəqiq səbəbləri hələ də tam müəyyən edilməmişdir. Lakin onun inkişafına genetik meyillilik, gözlərə mexaniki təsir (məsələn, tez-tez gözləri ovmaq) və xroniki allergiyalar təsir göstərə bilər.
Keratokonusun əsas əlamətləri bunlardır:
• Bulanıq və ya dəqiq olmayan görmə
• İşığa həssaslıq
• Gözdə ikiqat görmə (xüsusilə bir gözlə baxarkən)
• Buynuz qişanın formasının davamlı dəyişməsi səbəbindən eynək və ya kontakt linzaların düzgün seçilməsində çətinliklər
Keratokonusun diaqnostikası necə aparılır?
Keratokonusun diaqnostikası buynuz qişanın vəziyyətinin ətraflı araşdırılmasını əhatə edir. Klinikamızda buynuz qişanın topoqrafiyasını dəqiq ölçməyə imkan verən müasir avadanlıqlardan istifadə olunur. Bu texnologiya buynuz qişanın formasını və qalınlığını dəqiq qiymətləndirərək xəstəliyin mərhələsini müəyyənləşdirmək və fərdi müalicə planı hazırlamaq üçün şərait yaradır.
Erkən diaqnostika çox vacibdir, çünki vaxtında həyata keçirilən müalicə keratokonusun inkişafını ləngidərək, görmə itkisinin qarşısını alır.
Keratokonusun müasir müalicə üsulları
Keratokonusun müalicəsi üçün bir neçə effektiv üsul mövcuddur və uyğun metodun seçimi xəstəliyin inkişaf dərəcəsindən və pasiyentin fərdi xüsusiyyətlərindən asılıdır.
• Buynuz qişa krosslinkinqi
Krosslinkinq (CXL) – buynuz qişanın kollagen liflərini gücləndirən bir üsuldur, hansı ki, keratokonusun inkişafını yavaşlatmağa və ya dayandırmağa kömək edir. Prosedur B2 vitamini (riboflavin) və ultrabənövşəyi işığın istifadəsinə əsaslanır. Bu proses nəticəsində buynuz qişa toxumasında yeni kimyəvi bağlar yaranır və onun sabitliyi artır.
• Buynuz qişa seqmentlərinin implantasiyası (İntrastromal halqalar)
Bu, tamamilə şəffaf materialdan hazırlanmış nazik, qövsvari lövhələrdir. Bu material orqanizm toxumaları ilə tam uyğun gəlir və heç bir rədd edilmə reaksiyasına səbəb olmur. Halqalar buynuz qişanın deformasiya prosesini dayandıraraq onun əyriliyini bərpa edən dayaq funksiyasını yerinə yetirir.
• Buynuz Qişanın Transplantasiyası (Keratoplastika)–Buynuz qişanın transplantasiyası, keratokonusun irəliləmiş mərhələlərində, digər prosedurların artıq görmə qabiliyyətini yaxşılaşdıra bilmədiyi hallarda tətbiq olunur. Xəstəliyin son mərhələlərində buynuz qişa həddindən artıq nazikləşir və deformasiyaya uğrayır, bu isə görmənin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olur.
Transplantasiya prosesində buynuz qişanın zədələnmə dərəcəsindən asılı olaraq, qişa qismən və ya tamamilə dəyişdirilə bilər. Bu prosedur görmə qabiliyyətinin bərpası üçün ən təsirli üsullardan biridir.
Keratokonusun müalicəsi üçün niyə bizim klinikamızı seçməlisiniz?
Klinikamız keratokonusun diaqnostikası və müalicəsində kompleks yanaşma təklif edir. Biz ən müasir avadanlıqlardan və innovativ metodlardan istifadə edirik. Təcrübəli oftalmoloqlar komandamız sizin fərdi ehtiyaclarınıza uyğun optimal müalicə üsulunu seçməyə kömək edəcək.
Məqsədimiz, hər bir pasiyentimizin görmə qabiliyyətini maksimum dərəcədə yaxşılaşdırmaq və həyat keyfiyyətini artırmaqdır.